IQNA

BMT-dən xəbərdarlıq: İsrail Fələstində tədris prosesini iflic edib

8:48 - February 01, 2019
Xəbər sayı: 3484613
BMT rəsmiləri dünən bəyanat yayaraq işğalçı İsrail rejiminin Fələstindəki məktəblərə sistematik hücumlarını qınayıblar və bu fəaliyyətlərdən narahatlıq duyduqlarını ifadə ediblər.

BMT-dən xəbərdarlıq: İsrail Fələstində tədris prosesini iflic edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT rəsmiləri dünən bəyanat yayaraq işğalçı İsrail rejiminin Fələstindəki məktəblərə sistematik hücumlarını qınayıblar və bu fəaliyyətlərdən narahatlıq duyduqlarını ifadə ediblər.

Felestin.info WAFA-ya istinadla xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə koordinatoru Ceymi Makqoldrikin, UNİCEF-in xüsusi nümayəndəsi Ceneviv Butinin və YUNESKO-nun ortaq bəyanatında deyilir: "Fələstin dövlətində tədris ilinin ikinci yarısı başladığı bir ərəfədə İordan çayının qərb sahili bölgələrində yerləşən məktəblərdə, yaxud bu məktəblərin yaxınlığında törədilmiş insident və zorakılıqların artmasından çox narahatıq".

"Bu cür insidentlər şagirdlərin dərsə təhülkəsiz şəraitdə yetişməsinə mənfi təsir göstərir. İsrail qüvvələri tərəfindən məktəblərin işinə müdaxilə, söküntü işləri, söküntü xəbərdarlıqları, məktəb yollarında şagirdlərlə hərbçilər arasında qarşıdurmalar, müəllimlərin nəzarət postlarında saxlanılması, bəzən İsrail ordusunun və yəhudi köçkünlərin zorakı hücumları Fələstin məktəblilərinin tədris mühitinin təhlükəsizliyini və on minlərlə fələstinli uşağın keyfiyyətli təhsil almaq hüququnu pozur", - deyə bəyanatda vurğulanır.

"2018-ci ilin yanvar-dekabr ayları ərzində BMT İordan çayının qərb sahili boyunca məktəblərə qarşı 111 hücum faktı qeydə alınıb ki, bu da 19 196 şagirdin təhsilinə təsir edib. Bu orta hesabla hər həftə iki zorakılıq aktı deməkdir. Bu insidentlərin yarısından çoxunda məktəblərin daxilinə, yaxud yaxınlığına həqiqi döyüş sursatları, gözyaşardıcı qaz qumbaraları və səs bombaları tətbiq edilib. Bu hücumlar zamanı məktəblərdə tədris prosesi pozulub, şagirdlər yaralanıblar. İordan çayının qərb sahilində qeydə alınmış bu insidentlərin üçdəikisi 2018-ci ilin son dörd ayı ərzində baş verib".

"Hazırda İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 50 məktəb söküntü təhlükəsi altındadır. 2018-ci ildə İordan çayının qərb sahilində beş məktəb dağıdılıb, yaxud İsrail hökuməti tərəfindən müsadirə edilib. Bunlar arasında Nablusdakı İzbiq icma məktəbi, əl-Xəlildəki əl-Səmaya məktəbi, Şərqi Qüdsdəki Əbu-Nüvar və Cəbəl-Baba məktəbləri var. Bunlardan başqa, 2018-ci ilin oktyabr ayının ortalarından bəri Nablusdakı Saviyə-Lübban məktəbi basqına məruz qalaraq bir günlük qapalı qalıb, Şərqi Qüdsdəki Xan əl-Əhmər məktəbi kəndlə birlikdə sökülmək təhlükəsi altındadır. Nablusun Ureyf orta məktəbi yəhudi miqrantların hücumundan dolayı iki dəfə bağlanmağa məcbur olub, bu məktəbin uşaqları güllə yarası və müxtəlif digər xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər", - sənəddə qeyd olunub.

Teqlər: iqna ، fələstin ، sionist ، israil
captcha