Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) elan edib ki, Livanın paytaxtı Beyrutda baş verən partlayışda 100 min uşaq evlərindən didərgin düşüb.
YUNİSEF-in məlumatına görə, partlayışdan sonra bəzi uşaqlar itgin düşüb. Sağ qalan uşaqlar isə psixoloji cəhətdən əziyyət çəkirlər.
Məlumatda bildirilir ki, Livanın ən az 12 xəstəxanası bu partlayışda ziyan görüb.
BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) Livandakı nümayəndəsi Violet Sapyk Uarneri bu gün (7 avqust) 100 min livanlı uşağın Beyrut bombardmanı nəticəsində evlərini itirdiyini və ya köçkün vəziyyətinə düşdüyünü bildirib.
“Al-Mayadeen” saytının məlumatına görə, o, 55 min şagirdi olan 120 məktəbin də partlayışda dağıldığını söyləyib.
YUNİSEF Livan uşaqlarına yardım üçün 4 milyon 500 min dollar büdcəyə ehtiyacı olduğunu açıqlayıb.
Qeyd edək ki, Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var.
Hadisə zamanı 5 minə yaxın insan yaralanıb.
Xatırladaq ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında partlayış olub. Ölkə paytaxtında fövqəladə vəziyyət elan edilib.