IQNA

Pakistan: "Regional gərginliyin kökündə İsrailin məsuliyyətsiz hərəkətləri dayanır"

7:01 - April 20, 2024
Xəbər sayı: 3495812
İQNA - Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Yaxın Şərqdə gərginliyin çoxaldığını vurğulayaraq deyib: "İşğalçı İsrail rejiminin ehtiyatsız hərəkətləri, o cümlədən İran İslam Cümhuriyyətinin Dəməşqdəki konsulluğuna hücum vəziyyətin gərginləşməsinə səbəb oldu".

"İQNA"-nın "Əl-Aləm"-ə istinadən verdiyi məlumata görə, Momtaz Zəhra bu gün İslamabadda keçirdiyi həftəlik mətbuat konfransında deyib: "Pakistan, İran İslam Cümhuriyyətinin prezidenti Seyid İbrahim Rəisinin qarşıdan gələn səfərini səbirsizliklə gözləyir və biz hərarətlə dəyərli qonağımıza ev sahibliyi etməkdə qərarlıyıq".

O əlavə etdi: "Ayətullah Rəisinin Pakistana səfərinin tarixi və planlarını daha sonra açıqlayacağıq".

Momtaz Zəhra bölgədəki vəziyyətlə bağlı deyib: "Biz Yaxın Şərqdə gərginliyin dərhal azaldılmasını və İsrailin Qəzzada törətdiyi cinayətlərin dayandırılması üçün beynəlxalq ictimaiyyətin təsirli addım atmasını tələb edirik.

O, İranda partlayış səsinin eşidilməsinə dair bəzi xəbərlərlə bağlı suallara cavab olaraq əlavə edib: "Biz vəziyyəti qiymətləndiririk və yalnız daha aydın məlumat alsaq, mövqe tuta biləcəyik".

Momtaz Zəhra Pakistanın İsrailin Dəməşqdəki İran konsulluğuna təcavüzünü pislədiyini xatırladaraq deyib: "İsrailin ehtiyatsız və məsuliyyətsiz hərəkətləri, xüsusilə də İran konsulluğuna təcavüzü regionda gərginliyi pik həddə çatdırıb, ona görə də biz gərginliyin dərhal azaldılmasını tələb edirik".

O, vurğulayıb: "Pakistan həmçinin Qəzzada dərhal atəşkəs əldə olunmasını, İsrailin hücumlarının dayandırılmasını, Qəzza zolağının blokadasına son qoyulmasını və Qəzzanın məzlum xalqına davamlı humanitar yardımların çatdırılmasını istəyir".

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü BMT Təhlükəsizlik Şurasına müraciət edərək bildirib ki, bu qurumun üzvləri öz məsuliyyətlərinə əməl etməli və İsraili bölgədəki təcavüzünə və fələstinlilərin soyqırımına görə məsuliyyətə cəlb etməlidirlər.

4211276

captcha