İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei dünən (22 Aprel 2019) Pakistanın Baş naziri İmran Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ayətullah Xamenei İran və Pakistan xalqları arasında dərin və səmimi münasibətlərinin olduğunu vurğulayıb. “Iki ölkənin əlaqələri bəzi kiçik nöqsanlara baxmayaraq daha da möhkəmləndirilməli və gücləndirilməlidir”.
Hindistan Yarımadasının izzət və əzəmətinin ən uca zirvəsinin müsəlmanların həmin yarımadaya hökmranlıq etdiyi dövrdən başladığını bildirən Ayətullah Xamenei qeyd edib ki, İngilis müstəmləkəçiləri bu önəmli bölgədə islam sivilizasiyasına zərbə vurmaq, onu məhv etməyə çalışdılar.
Ayətullah Xamenei İqbal Lahuri və Məhəmməd Əli Cinah kimi Pakistanlı böyük şəxsiyyətlər haqqında da danışıb. Eyni zamanda İran və Pakistan arasında yaxşı əlaqələrin olmasının hər iki tərəfə xeyrini vurğulayan Ayətullah Xamenei bunun əleyhinə olan düşmənlərin varlığını da xatırladıb. “Onlara cavab olaraq müxtəlif sahələrdə əlaqələrimiz daha da gücləndirilməlidir.”
İki ölkənin sərhədlərində təhlükəsizlik məsələlərinə toxunan Ayətullah Xamenei qeyd edib ki, terror qruplaşmaları burada sabitliyi pozmağa cəhd edir. “Onlar düşmənlərin pulu və silahı ilə qidalanırlar. İran və Pakistan sərhədlərində sabitliyin pozulmasında əsas məqsədləri də iki ölkə münasibətlərini korlamaqdır.”
Ayətullah Xamenei son sel hadisəsində Pakistan dövlətinin yardımlarına görə bu ölkənin baş nazirinə təşəkkür edib və bildirib ki, onun səfərini Məşhəd şəhərindən və İmam Rzanın (ə) hərəmindən başlaması çox yaxşı bir nişanədir. “Ümid edirəm o həzrətin inayəti ilə bu səfər hər iki ölkə üçün faydalı olacaq.”